Yeniliklər

Bakıda II Beynəlxalq Kiberdiplomatiya Konfransı keçiriləcək

18 Sep,202631 baxış
Paylaş:
Bakıda II Beynəlxalq Kiberdiplomatiya Konfransı keçiriləcək

Bakıda II Beynəlxalq Kiberdiplomatiya Konfransı (ICCD 2026) keçiriləcək. Tədbir noyabrın 19-da baş tutacaq.

Konfransın təşkilatçıları Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Rumıniyanın İnformatika üzrə Milli Elmi-Tədqiqat İnstitutudur. Tədbirdə Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və yerli tərəfdaşlar iştirak edəcək.

Bu ilki konfransın əsas mövzusu “Süni intellekt dövründə güc və təsir: dəyişən kibermühitə regional baxış” olaraq müəyyənləşdirilib.

Müzakirə mövzuları arasında süni intellektin beynəlxalq münasibətlərə və diplomatiyaya təsiri, kiberittifaqlarla strateji muxtariyyət arasındakı balans, iri texnologiya şirkətlərinin geosiyasi aktor kimi rolu, informasiya müharibəsi və deepfake təhdidləri yer alır.

Bundan başqa, kibermühitdə etimadın formalaşdırılması və dövlətin məsuliyyəti, kritik infrastrukturun qorunması, həmçinin transsərhəd təhlükəsizlik risklərinin idarə olunması müzakirə ediləcək.

Tədbirdə sahə üzrə beynəlxalq ekspertlər, ölkədə akkreditə olunmuş səfirlər və diplomatlar, habelə aidiyyəti beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək.

İlk konfrans 2024-cü ildə keçirilmişdi. Həmin tədbirdə 30-dan çox ölkədən təxminən 120 nümayəndə iştirak etmişdi.