TechConnect Week 2026 Bakıda 2-7 noyabr tarixlərində keçiriləcək

AzInTelecom-un dəstəyi ilə Bakıda TechConnect Week 2026 tədbiri keçiriləcək. Şirkətdən verilən məlumata görə, tədbir 2-7 noyabr tarixlərini əhatə edir.
Həftə boyu 10-a yaxın ali təhsil müəssisəsində süni intellekt və yeni texnologiyalar üzrə təlimlər təşkil olunacaq.
Təlimlərdə tələbələrə nəzəri biliklərlə yanaşı praktiki tapşırıqlar təqdim ediləcək. İştirakçılar komanda şəklində tapşırıqları həll edəcək və öz texnoloji həllərini təqdim edəcəklər.
Əsas tədbir noyabrın 7-də Baku Events Hall-da keçiriləcək. Proqramda süni intellekt, data analitikası, kibertəhlükəsizlik, proqramlaşdırma və biznesin rəqəmsal transformasiyası mövzuları yer alır.
İştirakçılar sahə üzrə ekspertləri dinləyəcək və yeni texnoloji trendlərlə tanış olacaq.
Təşkilatçıların gözləntisinə görə, tədbirdə 1000-dən çox iştirakçı, 30-dan çox spiker və 20-dən çox tərəfdaş iştirak edəcək.
Layihənin məqsədləri sırasında tələbələrin müasir texnoloji trendlər barədə məlumatlılığının artırılması, süni intellekt alətlərinin tətbiqinin təşviqi, həmçinin innovasiya ekosistemi ilə akademik mühit arasında əlaqələrin gücləndirilməsi göstərilir.
Tədbir eyni zamanda gənclərin rəqəmsal bacarıqlarının inkişafına və süni intellekt sahəsində bilik mübadiləsinə xidmət edir. Dövlət qurumlarına bulud və rəqəmsal xidmətlər göstərən AzInTelecom son dövrdə təhsil və innovasiya yönümlü bir sıra layihəyə dəstək verir.

%20(1)_1786444122.webp&w=3840&q=75)