AWS Agentic Football Cup-da 32 komandanın AI agentləri yarışıb
AWS User Group Baku tərəfindən Azercell-in dəstəyi ilə təşkil olunan AWS Agentic Football Cup turnirində 32 komandanın hazırladığı süni intellekt agentləri virtual futbol matçlarında qarşılaşıb.
Hər komanda beş süni intellekt agentindən ibarət öz virtual futbol kollektivini qurub. Matçlar zamanı agentlər oyun situasiyalarını təhlil edərək ötürmələr, hücum və müdafiə hərəkətləri barədə müstəqil qərar verib.
İştirakçılar komandalarını Amazon Web Services mentorlarının dəstəyi ilə hazırlayıb. Mentorlar turnir boyu texniki həllərin təkmilləşdirilməsinə və bulud imkanlarının öyrənilməsinə kömək edib.
Matçların nəticələrini qiymətləndirən iştirakçılar proqramlarını yenidən işləyib və oyun strategiyalarını dəqiqləşdirib.
Rəqəmsal futbol formatında keçirilən yarış tələbələri, mühəndisləri və yeni başlayan tərtibatçıları bir araya gətirib, onlara təcrübə mübadiləsi aparmaq və proqramlaşdırma bacarıqlarını tətbiq etmək imkanı verib.
İştirakçılar öz agentlərinin dəyişən oyun situasiyalarına necə reaksiya verdiyini izləyib, agent əsaslı həllərin qurulması və bulud platformasında yerləşdirilməsi üzrə praktiki təcrübə qazanıb.
Turnirin sonunda üç qalib komanda müəyyənləşdirilib.
Azercell-in bildirdiyinə görə, layihəyə dəstək verməklə şirkət Azərbaycanda süni intellekt üzrə bilik və bacarıqların inkişafına töhfə verir, yerli texnoloji icmanın güclənməsini və ölkənin rəqəmsal ekosisteminin inkişafında iştirak edəcək mütəxəssislərin yetişdirilməsini hədəfləyir.


