NETTY 2026 Milli İnternet Mükafatına ərizə qəbulu başlayıb

Azərbaycanın 21-ci Milli İnternet Mükafatı NETTY 2026 üzrə ərizə qəbulu 2 noyabr tarixindən start götürüb. Saytlar, mobil tətbiqlər və sosial media layihələri netty.az ünvanında 23 noyabra qədər qeydiyyatdan keçə bilər.
2004-cü ildə təsis edilən mükafat ölkənin rəqəmsal inkişafına töhfə verən layihələri və informasiya texnologiyaları sahəsindəki nailiyyətləri üzə çıxarmaq məqsədi daşıyır. Bu il müsabiqə iyirmi birinci dəfə təşkil olunur.
Müsabiqəyə Azərbaycanla bağlı olan və iştirak qaydalarına uyğun gələn rəqəmsal layihələr buraxılır. Təşkilatlar, komandalar və müstəqil müəlliflər müraciət edə bilər. Hər layihə əsas məqsədinə uyğun gələn bir nominasiya üzrə qeydə alınır; saytlar, tətbiqlər və sosial media layihələri isə ayrı-ayrılıqda dəyərləndirilir.
İştirakçılardan qeydiyyat haqqı tələb olunmur. Bu xərci tərəfdaş MSolution | Chewick öz üzərinə götürüb.
Mükafat yeddi əsas nominasiya üzrə verilir: elektron dövlət və rəqəmsallaşdırma; rəqəmsal iqtisadiyyat, biznes və fintex; texnoloji innovasiyalar və süni intellekt; elm, təhsil və rəqəmsal savadlılıq; media, mədəniyyət və rəqəmsal kontent; səhiyyə, idman, həyat tərzi və turizm; cəmiyyət, inklüzivlik və dayanıqlı inkişaf.
Ərizə qəbulu başa çatdıqdan sonra, 24 noyabr - 4 dekabr tarixlərində Ekspert Şurasının və internet istifadəçilərinin səsverməsi keçiriləcək. Ekspert Şurası hər əsas nominasiya üzrə üç nominant müəyyənləşdirəcək, istifadəçilərin səsləri isə ayrıca Virtual münsiflər heyətinin seçimi nominasiyası üzrə üç nominantı üzə çıxaracaq.
5-15 dekabr tarixlərində NETTY Akademiyası nominantlar arasından qalibləri seçəcək. Layihələr ideya, məzmun və icra meyarları üzrə qiymətləndiriləcək. Qaliblərin rəsmi elanı və mükafatlandırma mərasimi 16-18 dekabr tarixlərinə planlaşdırılıb: nominantlara diplom, qaliblərə isə NETTY mükafatı təqdim olunacaq.
Müsabiqənin rəsmi tərəfdaşları AzInTelecom və Bolt for Business-dir. Tərəfdaşlar sırasında MSolution | Chewick, Ultra, SmartHost, Savalan, Renley və Online.az yer alır. Qeydiyyat və iştirak qaydaları barədə ətraflı məlumat netty.az saytında yerləşdirilib.

%20(1)_1786444122.webp&w=3840&q=75)