Mərkəzi Bank uçot dərəcəsini 6,5 faizdə saxlayıb, proqnozları yenilədi

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti oktyabrın 29-da uçot faiz dərəcəsini dəyişməz — 6,5 faiz səviyyəsində saxlamaq barədə qərar qəbul edib. Faiz dəhlizinin yuxarı həddi 7,5 faiz, aşağı həddi isə 5 faiz olaraq qalır.
Qərarla eyni gündə bank makroiqtisadi proqnozlarını da yeniləyib. İllik inflyasiyanın 2026-cı ilin sonunda 5,9 faiz, 2027-ci ilin sonunda isə yenə 5,9 faiz təşkil edəcəyi gözlənilir.
İyul proqnozu ilə müqayisədə cari il üzrə gözlənti 0,2 faiz bəndi aşağı salınıb, gələn il üzrə isə 0,1 faiz bəndi yüksəldilib. Əvvəlki proqnozlar müvafiq olaraq 6,1 və 5,8 faiz idi. Bankın inflyasiya hədəfi 4±2 faizdir.
Sentyabr statistikasına görə, illik inflyasiya avqustla müqayisədə 0,2 faiz bəndi azalaraq 5,5 faizə enib. İllik baza inflyasiyası isə 4,9 faiz olub.
Baza ssenaridə dövlət tərəfindən tənzimlənən qiymət və tariflərin dəyişməz qalacağı nəzərdə tutulur. Əsas inflyasiya riskləri xarici amillərlə — qlobal geosiyasi qeyri-müəyyənlik fonunda enerji və ərzaq qiymətlərinin artması və bunun əsas ticarət tərəfdaşları vasitəsilə daxili qiymətlərə ötürülməsi ilə bağlıdır.
Mərkəzi Bank cari əməliyyatlar hesabı üzrə proqnozlarını da artırıb: 2026-cı ildə profisitin 8,5 milyard ABŞ dolları (ÜDM-in 10 faizindən çox), 2027-ci ildə isə 5,4 milyard dollar (ÜDM-in 6 faizindən çox) təşkil edəcəyi gözlənilir.
Yenilənmənin səbəbi kimi əsas ixrac məhsullarının yüksək qiymətləri, həmçinin qeyri-neft-qaz mal və xidmət ixracındakı müsbət meyillər göstərilib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar-sentyabrda xarici ticarət profisiti 10,5 milyard dollar olub.
Bank sektorunda struktur likvidlik artıqlığı sentyabrın sonuna 6,2 milyard manat təşkil edib. Məcburi ehtiyatlar nəzərə alınmadan göstərici ötən ilin dekabrındakı səviyyədən 2,2 dəfə çoxdur. Likvidliyin idarə olunmasında əsasən 7 günlük depozit əməliyyatlarından istifadə olunur — sentyabrın sonunda bu alətin sterilizasiya portfelindəki payı 66,4 faiz olub.

%20(1)_1786444122.webp&w=3840&q=75)