Kibertəhlükəsizlik Mərkəzi yeni təlim dalğasına qeydiyyata başladı

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) yeni təlim dalğası üçün qeydiyyat prosesi start götürüb. Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) məlumat yayıb.
Proqram Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İRİA-nın təşkilatçılığı, İsrailin Technion Texnologiya İnstitutunun akademik tərəfdaşlığı ilə həyata keçirilir. Mərkəz son illərdə ölkədə kibertəhlükəsizlik kadrlarının hazırlanması üzrə əsas platformalardan birinə çevrilib.
Müraciət üçün 17 yaşdan yuxarı Azərbaycan vətəndaşı olmaq, ingilis dili bilikləri və baza İKT bacarıqları tələb olunur. Seçim prosesi iki mərhələdən ibarətdir və hər mərhələdə yalnız ən yüksək bal toplayanlar növbəti addıma keçir.
Birinci mərhələdə namizədlər Technion ekspertlərinin hazırladığı imtahanda məntiqi və analitik düşüncə, İKT bilikləri və ingilis dili səviyyəsi üzrə qiymətləndirilir. İmtahandan uğurla keçənlər müsahibəyə dəvət alır.
Bütün mərhələləri keçən 60 namizəd tam təqaüdlə təlimə qatılacaq. Proqramın müddəti 6 aydır: Technion-un akademik heyətinin apardığı nəzəri və praktik dərslər saat 09:00-dan 16:00-a qədər, əlavə praktik məşğələlər isə 16:00-dan 21:00-a qədər davam edir.
İştirakçılar hücum üzrə ixtisaslaşan Red Team və müdafiə üzrə Blue Team komandalarına bölünür. Bacarıqlar real ssenarilər əsasında qurulan simulyasiyalar üzərində formalaşdırılır, məzunlara isə Technion-un rəsmi sertifikatı təqdim olunur.
Ən yüksək nəticə göstərən beş məzun xaricdə yerləşən beynəlxalq şirkətlərdə ödənişli təcrübə proqramı qazanacaq. Qeydiyyat noyabrın 8-nə kimi davam edir.
Mərkəzin məlumatına görə, indiyədək yeddi təlim dalğasında təxminən 420 mütəxəssis hazırlanıb, hazırda 60 nəfər təhsil alır. Tamamlanmış altı dalğa üzrə məzunların məşğulluq göstəricisi 90 faiz təşkil edir.
AKM eyni zamanda kibertəhlükəsizlik üzrə maarifləndirmə kampaniyaları aparır, dövlət qurumlarının rəhbər şəxsləri və əməkdaşları üçün təlimlər təşkil edir, yerli kibertəhlükəsizlik məhsullarının hazırlanmasına dəstək göstərir.

 (1)_1786444122.webp)