“Healthtech Solutions KOB Klaster Şirkəti”nə KOB klaster şəhadətnaməsi təqdim edilib
06 Jul,2026129 baxış

Azərbaycanda sayca üçüncü KOB klaster şirkəti statusunu qazanan “Healthtech Solutions KOB Klaster Şirkəti” MMC-yə KOB klaster şəhadətnaməsi təqdim olunub.
Şəhadətnamə “Bakı KOB evi”ndə keçirilən görüş zamanı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən şirkətə təqdim edilib. Bu status şirkətə qanunvericiliklə nəzərdə tutulmuş vergi güzəştlərindən və dövlət dəstəyi mexanizmlərindən yararlanmaq imkanı yaradır.
Bakı şəhərində fəaliyyət göstərəcək müəssisədə laboratoriyalarda istifadə olunan test kitləri və tibbi təyinatlı plastik qablaşdırma məhsulları istehsal ediləcək. Layihəyə ilkin mərhələdə 5 milyon manat olmaqla, ümumilikdə 8 milyon manat investisiya yatırılması planlaşdırılır. Müəssisədə ilk mərhələdə 10-a yaxın, orta müddətli perspektivdə isə 50 daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Hazırda 11 KOB subyekti klasterin iştirakçısı kimi fəaliyyət göstərəcək. Onlar xammal tədarükü, logistika, avadanlıqların təmiri, tikinti-quraşdırma, informasiya texnologiyaları, dizayn və digər istiqamətlər üzrə xidmətlər göstərərək istehsal prosesinin davamlı və səmərəli təşkilinə töhfə verəcəklər.
Qanunvericiliyə əsasən, KOB klaster şirkətləri və onların iştirakçıları reyestrə daxil olduqları tarixdən etibarən 7 il müddətində mənfəət, torpaq və əmlak vergilərindən, həmçinin texnoloji avadanlıqların idxalı zamanı ƏDV-dən azad edilir. Bu güzəştlər onların fəaliyyətinin genişləndirilməsinə və rəqabət qabiliyyətinin artırılmasına dəstək verir.
Yeni müəssisənin fəaliyyətinin laboratoriya və tibbi sərf materiallarının yerli istehsalının inkişafına, idxaldan asılılığın azaldılmasına və ixrac imkanlarının genişləndirilməsinə mühüm töhfə verəcəyi gözlənilir.
Qeyd edək ki, KOB klaster şirkəti və KOB klaster iştirakçısı şəhadətnamələrinin verilməsi səlahiyyəti KOBİA-ya məxsusdur. “Healthtech Solutions KOB Klaster Şirkəti” MMC bu statusu əldə edən ölkənin üçüncü KOB klaster şirkətidir.


