Bloger və influenserlərin fəaliyyətləri ayrıca uçota alınacaq

Dövlət Vergi Xidməti sosial mediadan gəlir əldə edən bloger və influenserlərlə bağlı yeni açıqlama yayıb.
Artıq sosial media və digər rəqəmsal platformalar üzərindən gəlir əldə edən şəxslərin fəaliyyəti ayrıca uçota alınacaq. Bu məqsədlə fəaliyyət növlərinin təsnifatına "Rəqəmsal platforma təsirçisi" adlı yeni fəaliyyət növü və 6312003 kodu əlavə edilib.
Yeni fəaliyyət kodu reklam və marketinq əməkdaşlıqları, məzmun istehsalı, canlı yayımlar və digər rəqəmsal fəaliyyətlərdən gəlir əldə edən şəxslərin fəaliyyətinin daha şəffaf şəkildə rəsmiləşdirilməsinə imkan verəcək.
Dövlət Vergi Xidməti sosial media və rəqəmsal platformalarda fəaliyyət göstərən şəxslərə qeydiyyat zamanı yeni fəaliyyət kodunu seçməyi və gəlir gətirən fəaliyyətlərini qanunvericiliyə uyğun şəkildə rəsmiləşdirməyi tövsiyə edib.
Beləliklə, bloger və influenser fəaliyyəti vergi uçotunda ayrıca fəaliyyət növü kimi tanınmış olacaq.


