Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzv oldu

Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatına (DCO) üzv qəbul edilib. Yeni üzvlük Azərbaycanın rəqəmsal transformasiya sahəsində beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirəcək. Üzvlük çərçivəsində Azərbaycan rəqəmsal siyasət, beynəlxalq standartlar və qabaqcıl təcrübələrin tətbiqi üzrə DCO ölkələri ilə əməkdaşlıq edə biləcək.
Bu addım yerli startaplar üçün də yeni imkanlar yarada bilər. Belə ki, Azərbaycan startaplarının DCO üzv ölkələrinin bazarlarına çıxışı, akselerasiya proqramlarında iştirakı və vençur fondları ilə əlaqələrinin genişlənməsi gözlənilir. İKT mütəxəssisləri və gənclər isə birgə təlim və sertifikasiya proqramlarından yararlana biləcəklər.
Bundan əlavə, e-hökumət, süni intellekt, elektron ticarət və digər rəqəmsal həllər üzrə təcrübə mübadiləsinin genişləndirilməsi planlaşdırılır. Üzvlüyün Azərbaycanın rəqəmsal məhsul və xidmətlərinin xarici bazarlara çıxarılmasına və ixrac potensialının artırılmasına da töhfə verəcəyi gözlənilir.


