ADSEA yeni rəqəmsal QR Bələdçi platformasını istifadəyə verib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) vətəndaşların su xidmətləri ilə bağlı məlumat və xidmətlərə daha rahat çıxışını təmin etmək məqsədilə yeni rəqəmsal QR Bələdçi platformasını istifadəyə verib.
Yeni platforma vasitəsilə Agentliyin tabeliyində fəaliyyət göstərən qurumların xidmətləri, müraciət qaydaları və digər faydalı məlumatlar vahid məkanda təqdim olunur.
Platformadan istifadə etmək üçün vətəndaş QR kodu skan edir və şəhər və ya rayonunu seçir. Sistem seçilmiş ərazi üzrə xidmət göstərən müvafiq qurumu avtomatik müəyyənləşdirir və həmin qurumun təqdim etdiyi xidmətləri istifadəçinin qarşısına çıxarır.
Bu yanaşma vətəndaşların hansı quruma müraciət etməli olduğunu daha asan müəyyənləşdirməsinə və lazımi məlumatı daha sürətli əldə etməsinə imkan yaradır.
QR Bələdçi platformasının digər mühüm xüsusiyyətlərindən biri isə analitik imkanlarıdır. Sistem istifadəçi davranışlarını və platformadan istifadə statistikasını təhlil etməyə imkan verir. Toplanan məlumatların gələcəkdə xidmətlərin təkmilləşdirilməsi və vətəndaşların ehtiyaclarına uyğun yeni həllərin hazırlanmasında istifadə olunması nəzərdə tutulur.
Yeni rəqəmsal həll su xidmətləri ilə bağlı məlumatların daha əlçatan və çevik formada təqdim edilməsinə, eyni zamanda vətəndaş–qurum əlaqələrinin rəqəmsal müstəvidə daha da asanlaşdırılmasına xidmət edir.


