Bir neçə dəqiqədə CV hazırlamaq cvhazirla.az ilə artıq realdır!
15–17 may tarixlərində “Ritz-Carlton” hotelində “PAŞA Holding”, Bravo və “Tenity”nin birgə təşkilatçılığı ilə “PAŞA Hackathon” baş tutacaq. 48 saat davam edəcək yarış innovasiya və texnologiya sahəsinə marağı olan gəncləri və mütəxəssisləri bir araya gətirəcək.
Tədbirdə tələbələr, proqramçılar, dizaynerlər, eləcə də biznes və marketinq sahəsində çalışan şəxslər iştirak edə bilərlər. Yarış komandalar formatında keçiriləcək və hər komanda 4–6 nəfərdən ibarət olacaq. Xaricdən qatılan iştirakçılar üçün isə komandanın minimum iki üzvünün tədbirdə fiziki iştirakı kifayət edir.
Hackathon çərçivəsində iştirakçılar Bravo-nun fəaliyyətində mövcud olan proseslərin təkmilləşdirilməsi istiqamətində innovativ həllər üzərində işləyəcəklər. Əsas diqqət üç istiqamətə yönəldilib: təchizat zəncirinin rəqəmsallaşdırılması və avtomatlaşdırılması, pərakəndə sektorunda daha çevik və səmərəli iş modelinin qurulması, həmçinin əməliyyat proseslərində itkilərin azaldılması və stok idarəetməsinin optimallaşdırılması.
Hakatonda iştirak etmək istəyən komandalar xüsusi müraciət forması vasitəsilə qeydiyyatdan keçməlidirlər. Qeydiyyat zamanı hər komandanı bir nəfər təmsil edərək bütün üzvlərin məlumatlarını təqdim edir. Müraciətlər əsasında seçim aparılır və yalnız seçilmiş komandalar yarışa qatılmaq hüququ əldə edir. İştirakçılar tədbirə öz kompüterləri ilə qatılmalıdırlar.
Təqdim olunan layihələr bir neçə meyar üzrə qiymətləndiriləcək. Bunlara ideyanın yenilikçilik səviyyəsi, istifadəçi təcrübəsi, texniki icra imkanları, kommersiya potensialı, eləcə də komandanın təqdimat bacarıqları daxildir.
Yarışın sonunda qalib komandalar pul mükafatları ilə təltif olunacaqlar. Birinci yerin sahibi 7 000 AZN, ikinci yer 5 000 AZN, üçüncü yer isə 3 000 AZN məbləğində mükafat qazanacaq. Mükafat vəsaiti komanda rəhbərinin bank hesabına köçürüləcək.
Qeyd edək ki, “PAŞA Hackathon” innovativ ideyaların dəstəklənməsi və real biznes problemlərinə texnoloji həllərin tapılması məqsədilə təşkil olunur.

