Mətbuat Şurası etik qaydalara süni intellekt müddəaları əlavə etdi

Azərbaycan Mətbuat Şurası jurnalistlərin etik davranış qaydalarına süni intellektin istifadəsi və şəxsiyyət hüquqlarının müdafiəsi ilə bağlı yeni müddəalar əlavə edib. Dəyişikliklər oktyabrın 16-da keçirilən jurnalistlərin IX qurultayında qəbul olunub.
Qaydalara Süni intellektdən etik istifadə adlı ayrıca prinsip daxil edilib. Şuranın yaydığı şərhdə bildirilir ki, əlavələr müasir dövrün tələblərinə cavab olaraq hazırlanıb.
Sənəddə media subyektlərinə süni intellektin istifadə məqsədlərini, hüdudlarını, yoxlama prosedurlarını və redaksiya məsuliyyətini müəyyənləşdirən daxili sənədlər qəbul etmək tövsiyə olunur. Əməkdaşların bu sahədə bacarıqlarının artırılması da tövsiyələr sırasındadır.
Əsas prinsiplərdən biri ondan ibarətdir ki, süni intellekt sistemləri jurnalistin peşəkar mühakiməsini, redaksiya müstəqilliyini və insan nəzarətini əvəz etməməlidir.
Süni intellektin köməyi ilə hazırlanan materiallar yayımlanmamışdan əvvəl məzmun, faktların dəqiqliyi və mənbələr baxımından yoxlanılmalıdır. Belə materiallara görə məsuliyyət jurnalistin və ya onun çalışdığı media subyektinin üzərinə düşür.
Şərhdə auditoriyanın süni intellekt məhsulundan istifadə barədə məlumatlandırılmasının şəffaflıq və ictimai etimad baxımından vacibliyi vurğulanıb. Texnologiyadan istifadə zamanı müəllif hüquqlarının, şəxsi məlumatların və mənbə konfidensiallığının qorunması, insan ləyaqətinə hörmət və ayrı-seçkiliyə yol verilməməsi tələb olunur.
Şəxsiyyət hüquqları ilə bağlı bloka görə, jurnalistlər informasiya texnologiyalarından istifadə edərək üçüncü şəxslərin şəxsi həyatını, o cümlədən inancını, dinini və etnik mənsubiyyətini qanunla nəzərdə tutulan hallar istisna olmaqla açıqlamamalıdır.
Qaydalarda həmçinin ictimai əhəmiyyət daşımayan şəxslər barədə məlumatın doğruluğunun onun razılıq olmadan yayılmasına əsas vermədiyi qeyd olunur. Şəxsin açıq paylaşımları xəbərə çevrildikdə isə istehzalı və alçaldıcı ifadələrdən istifadə yolverilməzdir.


