Bakıda süni intellekt üzrə regional Mükəmməllik Mərkəzi yaradılacaq
 (1)_1784544576.webp)
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə süni intellekt təhlükəsizliyi sahəsində fəaliyyət göstərən Polygraf AI şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Tərəflər Azərbaycanın süni intellekt ekosisteminin inkişafını sürətləndirmək, yerli mütəxəssislərin hazırlanmasını dəstəkləmək və təhlükəsiz AI həllərinin tətbiqini genişləndirmək istiqamətində birgə fəaliyyət göstərəcəklər.
Memoranduma əsasən, Bakıda Mərkəzi Asiya və Yaxın Şərq regionuna xidmət edəcək regional Süni İntellekt Mükəmməllik Mərkəzi yaradılacaq. Mərkəz AI texnologiyalarının inkişafı, innovativ layihələrin təşviqi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından regional platforma rolunu oynayacaq.
Əməkdaşlıq çərçivəsində süni intellekt, kibertəhlükəsizlik və məlumatların məxfiliyi sahələrində təlim proqramları, mentorluq təşəbbüsləri və pilot layihələr həyata keçiriləcək. Bu təşəbbüslərin yerli mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına, həmçinin ölkədə AI üzrə peşəkar ekosistemin formalaşmasına töhfə verəcəyi gözlənilir.
Razılaşmanın əsas istiqamətlərindən biri də Azərbaycanın rəqəmsal məhsullarının beynəlxalq bazarlara çıxışını dəstəkləməkdir. Xüsusilə Afrika ölkələrində yeni əməkdaşlıq imkanlarının yaradılması və yerli texnologiya şirkətlərinin qlobal bazarlarda mövqeyinin gücləndirilməsi hədəflənir.
Bu əməkdaşlıq Azərbaycanın süni intellekt sahəsində regional mövqeyini gücləndirməyə, innovasiya potensialını artırmağa və ölkənin rəqəmsal transformasiya strategiyasına əlavə töhfə verməyə yönəlmiş mühüm addımlardan biri kimi qiymətləndirilir.


