Azərbaycandilli süni intellekt modelləri dövlət xidmətləri üçün hazırlanır

Azərbaycan dövlət xidmətlərinin göstərilməsində istifadə olunacaq Azərbaycandilli süni intellekt modelləri hazırlayır. Bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən müzakirədə bildirib.
Nazir müavininin sözlərinə görə, süni intellekt artıq məktub və sənədlərin yazılmasından uşaqların ev tapşırıqlarına qədər geniş sahədə istifadə olunur, lakin modellərin cavabları çox vaxt bir mədəni baxış bucağını əks etdirir. Nümunə olaraq o, ailənin yaşlı valideynə qayğısı ilə bağlı sualı göstərib: süni intellekt əsasən peşəkar qayğı xidmətlərindən danışır, halbuki Azərbaycan da daxil olmaqla bir çox cəmiyyətdə valideynin ailə ilə birlikdə yaşaması kimlik məsələsidir.
Dil amili də fərq yaradır. Həsənov qeyd edib ki, çatbota bir milyard deyil, bir milyon nəfərin danışdığı dildə müraciət edildikdə cavablar daha qısa və zəif olur, sistem tədricən ingilis dilinə keçə bilir. Belə cavablar səhv olmasa da, natamam qalır.
Nazir müavini bildirib ki, qlobal şirkətlər obyektiv səbəblərdən on milyonluq bazar üçün Azərbaycan dilində model hazırlamayacaq, ona görə də bu imkanlar ölkə daxilində yaradılır və məsələ suverenlik müstəvisinə keçib.
Azərbaycanın süni intellekt strategiyası və 2026-2028-ci illər üzrə rəqəmsal inkişaf fəaliyyət planı xidmətlərin yaşından, dilindən və bacarıqlarından asılı olmayaraq hər vətəndaş üçün əlçatan olmasını hədəfləyir.
Vətəndaşların dövlətlə ünsiyyəti üçün vahid platforma olan my.gov-da nitqin mətnə çevrilməsi və ilk agent əsaslı xidmətlər istifadəyə verilib. İlin sonuna qədər platformada bu tip xidmətlərin sayının artırılması nəzərdə tutulur.
Kadr hazırlığı istiqamətində yaxınlarda başlanan Rəqəmsal Üfüqlər proqramı çərçivəsində yaxın aylarda 275 qurumdan 25 mindən çox dövlət qulluqçusunun təlimə cəlb olunması planlaşdırılır. Elm və Təhsil Nazirliyi ilə birgə məktəblərdə süni intellektin təhlükəsiz istifadəsi genişləndirilir.
Uşaqların rəqəmsal mühitdəki təhlükəsizliyinə də toxunan Həsənov xatırladıb ki, bu il parlament sosial mediada uşaq təhlükəsizliyi ilə bağlı qanun qəbul edib. 16 yaşadək uşaqlar sosial media hesabı aça bilmir, 16-18 yaş arası isə valideyn razılığı və nəzarət paneli tələb olunur. Platformalar uşaqlar üçün sonsuz sürüşdürmə və avtomatik oynatma funksiyalarını söndürməli, hədəflənmiş reklamı dayandırmalı və zərərli məzmunu 24 saat ərzində silməlidir.


