Yeniliklər

Azərbaycan ITSO-nun Məşvərət Komitəsinə 2026-2028 üçün seçilib

09 Oct,202610 baxış
Paylaş:
Azərbaycan ITSO-nun Məşvərət Komitəsinə 2026-2028 üçün seçilib

Azərbaycan Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatının (ITSO) Məşvərət Komitəsinə 2026-2028-ci illər üçün yenidən seçilib. Məlumatı Azərbaycan Kosmik Agentliyi (Azərkosmos) yayıb.

Qərar ITSO Tərəflər Assambleyasının Vaşinqtonda keçirilən 42-ci iclasında (AP-42) qəbul olunub. İclas sentyabrın 30-dan oktyabrın 2-dək davam edib.

Sentyabrın 29-da Azərbaycan təşkilatın "Satellite Developments Shaping Connectivity – An ITSO Perspective" adlı simpoziumunda iştirak edib. Azərkosmosun nümayəndəsi "Voices from the Regions: National Perspectives" panelində C regionunu təmsil edib.

Paneldə peyk rabitəsi sahəsində milli prioritetlər, xidmətlərin əlçatanlığı və dayanıqlığı, radiotezlik spektrinin idarə olunması, tənzimləmə çağırışları və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə edilib.

Çıxışda landing rights məsələsinə, bəzi ölkələrin xarici peyk operatorlarından tələb etdiyi mürəkkəb lisenziyalaşdırma prosedurlarına və bunların bazara çıxışa təsirinə diqqət yetirilib.

İnkişaf etməkdə olan ölkələrin texniki və institusional potensialının gücləndirilməsi, bilik mübadiləsinin genişləndirilməsi və əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi də vurğulanan məqamlar sırasındadır.

Azərkosmosdan bildirilib ki, Məşvərət Komitəsində üzvlük Azərbaycana təşkilat daxilindəki müzakirələrə və qərarvermə proseslərinə töhfə vermək üçün əlavə imkanlar yaradır.

Agentliyin qarşıya qoyduğu məqsədlər arasında peyk rabitəsi sahəsində ölkənin maraqlarının təmsil olunması, qlobal tənzimləmə üzrə əməkdaşlığın genişləndirilməsi və dayanıqlı peyk bağlantısının inkişafına dəstək yer alır.

Azərbaycan ITSO Məşvərət Komitəsinə yenidən seçilib | Fondera