Azərbaycanda fəaliyyət göstərən texnologiya startapları üçün beynəlxalq bazarlara çıxışı dəstəkləyən yeni proqram istifadəyə verilib. SABAH.lab və Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıq çərçivəsində, SABAH.city layihəsi daxilində həyata keçirilən “NEXUS Launchpad” proqramına müraciətlərin qəbulu elan olunub.
Yeni təşəbbüsün əsas məqsədi yerli texnologiya startaplarını regional və qlobal innovasiya ekosistemləri ilə əlaqələndirmək, onların xarici bazarlara çıxışını sürətləndirmək və beynəlxalq inkişaf imkanlarını artırmaqdır. Proqram çərçivəsində seçilmiş startaplar müxtəlif dəstək mexanizmlərindən faydalana biləcəklər.
“NEXUS Launchpad” iştirakçılara müasir infrastruktur və iş sahəsinə çıxış, təcrübəli mütəxəssislərdən mentorluq, biznes inkişafı üzrə dəstək, hüquqi və inzibati məsləhətlər, həmçinin netvörkinq imkanları təqdim edəcək. Bununla yanaşı, proqram startapların yerli bazar və biznes mühiti ilə yaxından tanış olmasına, uyğun tərəfdaşlarla əlaqə qurmasına şərait yaradacaq.
Proqram əsasən texnologiya yönümlü startaplar üçün nəzərdə tutulub. Təşkilatçılar bildirirlər ki, 3–7 illik fəaliyyət təcrübəsinə malik, bazarda öz məhsul və ya xidmətini təsdiqləmiş, güclü MVP-yə sahib və genişlənmə potensialı olan komandalar seçimdə üstünlük qazanacaqlar. Eyni zamanda beynəlxalq bazarlara açılmaq üçün maliyyə baxımından hazırlıqlı olan və ən azı iki nəfərdən ibarət komandaların müraciəti qəbul edilir.
Proqramla bağlı ətraflı məlumat və qeydiyyat prosesi təşkilatçıların rəsmi platformaları üzərindən həyata keçirilir.

