KOBİA və İslam İnkişaf Bankı Qrupu startaplar üçün beynəlxalq müsabiqə elan edib
21 Apr,2026122 baxış

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İslam İnkişaf Bankı Qrupu yüksək potensiala malik startaplar üçün İnnovasiya və Startap Müsabiqəsi elan edib. Müsabiqənin əsas məqsədi üzv ölkələrdən olan innovativ layihələrin dəstəklənməsi, onların qlobal investorlarla əlaqələrinin qurulması və beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsidir.
Proqram çərçivəsində startaplara öz ideyalarını beynəlxalq səviyyədə təqdim etmək, investorlarla birbaşa əlaqə qurmaq və inkişaf üçün yeni imkanlar əldə etmək şansı yaradılır.
Müsabiqəyə müraciət üçün son tarix 30 aprel 2026-cı il, saat 15:00-dır.
Müsabiqənin mərhələləri:
Müsabiqə bir neçə əsas mərhələdən ibarətdir. İlk olaraq qlobal açıq çağırış elan edilir və startaplar innovasiya səviyyəsi, biznes modeli, komanda potensialı və layihənin təsiri kimi meyarlar üzrə müraciətlərini təqdim edirlər.
Daha sonra vençur kapital fondları, maliyyə institutları və korporativ sektor nümayəndələrindən ibarət ekspertlər müraciətləri 15 may tarixinədək qiymətləndirir.
Seçim mərhələsini uğurla keçən startaplar 13–15 iyun tarixlərində keçiriləcək “Bootcamp” proqramına qatılaraq fandreyzinq, maliyyə modelləşdirməsi və effektiv təqdimat bacarıqları üzrə intensiv təlimlər alacaqlar.
Növbəti mərhələdə isə startaplar 16–17 iyun tarixlərində beynəlxalq münsiflər heyəti qarşısında çıxış edərək layihələrini təqdim edəcək və potensial investorlarla əlaqə qurmaq imkanı əldə edəcəklər.
İştirakçılar üçün imkanlar:
Müsabiqə qalibləri və iştirakçıları üçün bir sıra mühüm imkanlar təqdim olunur. Bunlara pul mükafatları, sertifikatlar və tanınma lövhələri daxildir. Eyni zamanda, iştirakçılar İslam İnkişaf Bankı Qrupunun Özəl Sektor Forumu çərçivəsində sərgi paketindən yararlanmaq və beynəlxalq sərgilərdə iştirak etmək imkanı qazanacaqlar.
Bu təşəbbüs, xüsusilə qlobal bazarlara çıxmaq istəyən və beynəlxalq rəqabətə hazır olan startaplar üçün mühüm platforma rolunu oynayır.
Müsabiqədə iştirak etmək istəyənlər qeydiyyat üçün KOBİA-nın rəsmi saytı olan smb.gov.az portalının “Xəbərlər” bölməsində yerləşdirilmiş müvafiq keçiddən istifadə edə bilərlər.


