Axtar

KOBİA “Caspian Oil and Gas 2026” sərgisində KOB-lar üçün xüsusi stend quracaq

KOBİA “Caspian Oil and Gas 2026” sərgisində KOB-lar üçün xüsusi stend quracaq main image
İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) neft-qaz sektorunda fəaliyyət göstərən və ya bu sahəyə məhsul və xidmət təqdim etmək potensialına malik KOB subyektləri üçün yeni imkan yaradıb. Agentlik “Caspian Oil and Gas 2026” sərgisində kiçik və orta biznes nümayəndələrinin iştirakı üçün xüsusi stend təşkil edəcək.

1–3 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi — Caspian Oil & Gas 2026 çərçivəsində yerli və beynəlxalq neft, qaz və energetika şirkətləri bir araya gələcək. Tədbir sektorun aparıcı iştirakçıları arasında əməkdaşlıq və biznes əlaqələrinin qurulması baxımından regionun ən mühüm platformalarından biri hesab olunur.

KOBİA tərəfindən yaradılacaq xüsusi stendin əsas məqsədi KOB-ların neft-qaz sənayesinin təchizat zəncirində iştirak imkanlarını genişləndirmək, onların məhsul və xidmətlərini daha geniş auditoriyaya tanıtmaq və yeni tərəfdaşlıqların qurulmasına dəstək verməkdir.

Sərgidə ödənişsiz şəkildə iştirak etmək istəyən KOB subyektləri mayın 25-dək müraciət edə bilərlər. Bunun üçün KOBİA-nın sərgilərdə iştirak dəstəyi üzrə müraciət formasını doldurmaq tələb olunur. Formada “İştirak etmək istədiyiniz tədbir” bölməsində “Caspian Oil and Gas 2026” qeyd edilməlidir.

Mütəxəssislərin fikrincə, belə beynəlxalq sərgilər KOB-lar üçün yalnız məhsul təqdimatı deyil, eyni zamanda potensial tərəfdaşlarla birbaşa əlaqə qurmaq, bazar tələblərini öyrənmək və yeni biznes imkanları əldə etmək baxımından da mühüm rol oynayır.

Neft-qaz və energetika sahəsinə maraq göstərən KOB subyektlərinin bu imkandan yararlanaraq sektorda mövqelərini gücləndirmələri gözlənilir.
  • Paylaş: