Enterprise Azerbaijan tərəfdaşlarının portfeli 3 milyard dolları ötdü

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "Enterprise Azerbaijan" portalının tərəfdaşlarının ümumi investisiya portfeli 3 milyard ABŞ dollarını ötüb. Mərkəz bu barədə oktyabrın 21-də məlumat yayıb.
Göstərici portalın həyata keçirdiyi "Startup School 4: Beş Qitə – 500 Startap" qlobal innovasiya proqramının tərəfdaş şəbəkəsinə aiddir. Proqram beynəlxalq investisiya ekosisteminin aparıcı iştirakçılarını Azərbaycan startapları ilə bir araya gətirir.
Tərəfdaşlar arasında ABŞ, Malta, Finlandiya, Qətər, Çin, Pakistan və Azərbaycandan vençur fondları, investisiya qurumları və innovasiya təşkilatları yer alır.
Konkret olaraq ABŞ-dan "Synapses Ventures", Maltadan "Deep Tech Foundry", Finlandiyadan "The Brutally Honest Ecosystem", Qətərdən "LICORNE GULF", Pakistandan "Khyber Pakhtunkhwa Board of Investment and Trade", Çindən "Silk Road High-Tech Industrial Park Association" (SRHPA), eləcə də Azərbaycandan "Caucasus Ventures" və "SABAH.HUB" proqrama qoşulub.
"Enterprise Azerbaijan" proqram vasitəsilə yerli startaplarla beynəlxalq investisiya ekosistemi arasında əlaqələrin inkişafını, perspektivli layihələrin maliyyə və strateji tərəfdaşlıq imkanlarına çıxışının genişləndirilməsini təşviq edir.
Proqrama 15 ölkədən yüzlərlə müraciət daxil olub, seçim mərhələsindən sonra 233 startap komandası iştirak hüququ qazanıb. Onlayn təlim mərhələsində 11 modul üzrə 20 sessiya keçirilib.
Təlimləri 13 ölkədən 30-dək təlimçi və mentor aparıb. Mövzular arasında dayanıqlı iqtisadiyyat, rəqəmsallaşma, süni intellekt, liderlik, marketinq, satış strategiyaları, əqli mülkiyyət və investisiyaya hazırlıq olub.
Proqramın yekun mərhələsi olan "Demo Day" tədbiri oktyabrın 31-də Bakıda, "Sabah City"də keçiriləcək. Tədbir çərçivəsində startapların sərgisi təşkil olunacaq və investorlarla birbaşa təmas imkanı yaradılacaq.


