Bestcomp Group Cisco-nun regional ilin tərəfdaşı mükafatını qazanıb

Azərbaycan şirkəti “Bestcomp Group” Cisco-nun “İlin genişmiqyaslı infrastruktur tərəfdaşı” (Mass Scale Infrastructure Partner of the Year) mükafatını qazanıb. Mükafat METAC — Yaxın Şərq, Türkiyə, Afrika, Qafqaz və Mərkəzi Asiya regionu üzrə verilib.
Təltif Kanadanın Vankuver şəhərində oktyabrın 26-29-u keçirilən Cisco Partner Summit 2026 çərçivəsində baş tutub. Sammitdə aparıcı İKT şirkətlərinin 1000-dən çox nümayəndəsi iştirak edib.
Mükafatı şirkətin Müşahidə Şurasının sədri Rauf Həsənov təhvil alıb. Təqdimetmə mərasimində Cisco-nun METAC regionu üzrə vitse-prezidenti və baş meneceri Shane Heraty iştirak edib.
Mərasimdə həmçinin Körfəz ölkələri və LTC regionu üzrə idarəedici direktor Abdelilah Nejjari, METAC regionunun Tərəfdaş Biznes Departamentinin regional direktoru Ossama Eldeeb və Türkiyə, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə tərəfdaş biznes rəhbəri Nazlı Özçevik təmsil olunub.
Rauf Həsənov bildirib ki, bu səviyyəli sammitdə qalib gəlmək həm şirkət, həm də Azərbaycanın adının qlobal İKT ictimaiyyəti qarşısında tanınması baxımından qürurvericidir.
O vurğulayıb ki, regiondan mükafatlandırılan iki şirkətdən birinin Azərbaycan şirkəti olması ölkənin İKT potensialının beynəlxalq səviyyədə qəbul edildiyini göstərir. Həsənov Cisco-ya strateji tərəfdaş kimi, dövlət və özəl sektor müştərilərinə, həmçinin komandasına təşəkkür edib.
Bestcomp Group 32 ildir bazarda fəaliyyət göstərir və dövlət ilə özəl sektor üçün etibarlı tərəfdaş kimi tanınır.
Şirkət Cisco və digər qlobal İKT liderləri ilə əməkdaşlıq çərçivəsində həm Azərbaycanda, həm də ölkədən kənarda irimiqyaslı infrastruktur layihələri həyata keçirir.


