Axtar

AZMİU tələbəsi “AzCON Future Tech Hackathon”un qalibi oldu

AZMİU tələbəsi “AzCON Future Tech Hackathon”un qalibi oldu main image

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mexanika və informasiya texnologiyaları fakültəsinin tələbəsi Nicat Hətəmli “AzCON Future Tech Hackathon”da birinci yerə layiq görülüb.

Hakaton “AzCON Holding” və “Holberton School”un birgə əməkdaşlığı ilə təşkil olunub. Tədbirin əsas məqsədi iştirakçıları real biznes problemləri ilə tanış etmək, onların analitik düşüncə və texnoloji bacarıqlarını tətbiq etmələrinə şərait yaratmaq olub.

İştirakçılar AzCON-a daxil olan şirkətlərdə mövcud problemləri araşdıraraq, bu çağırışlara innovativ və praktik proqram təminatı həlləri təqdim ediblər.

Yarış zamanı Nicat Hətəmli və komandası tərəfindən təqdim edilən “Milli Cloud Security” layihəsi münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.

Layihə yeni yaradılan data mərkəzləri ilə bağlı təhlükəsizlik və infrastruktur problemlərinin həllinə yönəlib. Təklif olunan sistem həm məlumatların qorunması, həm də texnoloji infrastrukturun daha dayanıqlı və effektiv idarə olunmasını təmin etməyi hədəfləyir.

Nicat Hətəmlinin bu uğuru bir daha göstərir ki, yerli universitet tələbələri texnologiya sahəsində rəqabətədavamlı layihələr ortaya qoymaq potensialına malikdirlər. Bu kimi nailiyyətlər ölkədə innovasiya və rəqəmsal inkişaf istiqamətində atılan addımların effektivliyini də nümayiş etdirir.

  • Paylaş: