İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən “Startap” şəhadətnaməsinin verilməsi prosesi davam edir. Agentliyə daxil olan son 13 müraciət Ekspertlər Şurası tərəfindən qiymətləndirilib və onlardan 9-u müsbət qərar alaraq şəhadətnamə əldə edib.
Şəhadətnamə qazanan layihələr müxtəlif sahələri əhatə edir. Bunlar arasında avtoservis xidmətləri üçün marketplace platforması, taksilərdə interaktiv reklam həlli, süni intellekt modelləri, parkinq və nəzarət sistemləri üçün proqram təminatı, incəsənət və media sahəsində AI əsaslı platformalar, həmçinin kadr seçimi və daşınmaz əmlak alqı-satqısı üzrə innovativ texnoloji həllər yer alır. Bu müxtəliflik ölkədə innovasiyanın yalnız bir sahə ilə məhdudlaşmadığını, fərqli sektorlara yayıldığını göstərir.
“Startap” şəhadətnaməsinin əsas üstünlüklərindən biri vergi güzəştləridir. Belə ki, sənədi əldə edən KOB subyektləri innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə 3 il müddətinə mənfəət və gəlir vergisindən azad olunur. Bu isə startapların ilkin inkişaf mərhələsində maliyyə yükünü azaltmaqla onların daha sürətli böyüməsinə şərait yaradır.
Qeyd edək ki, layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlar da bu imkandan yararlana bilərlər. Bunun üçün KOBİA-ya müraciət edərək müvafiq meyarlar üzrə qiymətləndirmədən keçmək kifayətdir.

