Rəqəmsal Üfüqlər: 30 min dövlət qulluqçusu AI və kibertəhlükəsizlik öyrənəcək

Dövlət qurumlarında çalışan 30 min əməkdaşın rəqəmsal savadlılığını artırmaq məqsədilə “Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramına oktyabrda start veriləcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəşad Həsənov məlumat verib.
Proqram İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü ilə həyata keçirilir. Onun məqsədi dövlət qulluqçularının rəqəmsal bacarıqlarını sistemli şəkildə inkişaf etdirmək, dövlət idarəçiliyində rəqəmsal transformasiyanı sürətləndirmək və müasir texnologiyalardan təhlükəsiz istifadə üzrə səriştələri gücləndirməkdir.
Təlimlər üçün yeni öyrənmə platforması yaradılıb. Proqram süni intellekt və kibertəhlükəsizlik mövzularını əhatə edir, tədris materialları ilə yanaşı imtahan modullarını da ehtiva edir.
İRİA eyni zamanda “OpenWave” Açıq İnnovasiya Proqramını da icra edir. Agentliyin İdarə Heyətinin sədri Fərid Osmanovun rəhbərlik etdiyi təşəbbüs dövlət qurumlarının real əməliyyat problemlərini süni intellekt texnologiyaları vasitəsilə həll etməyi hədəfləyir.
“OpenWave” çərçivəsində ilk pilot tətbiqlər Azərbaycan Dəmir Yolları və Bakı Metropoliteni üzərində aparılır.


