InvestAZ PRO treydinq tətbiqi investorlara təqdim edildi

Invest-AZ İnvestisiya Şirkəti 22 sentyabrda InvestAZ PRO adlı yeni mobil tətbiqini təqdim edib. Məhsul şirkətin əvvəllər istifadə etdiyi InvestOR platformasını əvəzləyir.
InvestAZ PRO maliyyə bazarları, hesablar və treydinq funksiyalarını vahid interfeysdə birləşdirir. İstifadəçilər MetaTrader 4 inteqrasiyası hesabına alqı-satqı əməliyyatlarını birbaşa tətbiq daxilində icra edə bilirlər. Onlayn qeydiyyat prosesi də sadələşdirilib.
Şirkətin bildirdiyinə görə, yeni həll bazarları daha rahat izləməyə, qərarları tək platformadan idarə etməyə və qiymət dəyişmələrini real vaxt rejimində müşahidə etməyə imkan verir.
Məhsulun təqdimatı "Nəzarət Səndədir" şüarı ilə reklam kampaniyası müşayiət olunur. Kampaniyanın üzləri kimi üç azərbaycanlı idmançı seçilib: karateçi Rafael Ağayev strategiyanı, Everestə qalxmış alpinist Vəfa Musayeva səbri, gimnastika üzrə iki dəfə dünya çempionu Tofiq Əliyev isə risk anlayışını təmsil edir.
Kampaniyanın yaradıcı məntiqi investisiya qərarları ilə idman nəticələri arasında paralel qurulmasına əsaslanır: strategiya, səbir və riskin idarə olunması treydinq mədəniyyətinin əsas elementləri kimi təqdim edilir.
Azərbaycanda broker xidmətlərinin mobil tətbiqlər üzərinə keçidi son illərdə sürətlənib. Yerli investorların beynəlxalq bazarlara çıxışının rəqəmsallaşması pərakəndə investisiya seqmentinin genişlənməsinə şərait yaradan amillərdən sayılır.


