Bir mikro sahibkarlar üçün Biznesdə birlikdə proqramına start verdi

Bank, ödəniş və e-ticarət xidmətlərini birləşdirən Bir ekosistemi mikro sahibkarlara dəstək məqsədilə “Biznesdə birlikdə” proqramını işə salıb. Proqram əlavə inkişaf dəstəyinə ehtiyacı olan sahibkarlar üçün bərabər imkanlar yaratmağı və inklüziv iqtisadiyyatı təşviq etməyi hədəfləyir.
Proqramda prioritet hədəf qrupları şəhid ailələri, əlilliyi olan şəxslər, pensiyaçılar, qadın və gənc sahibkarlardır. Proqram həm yeni biznesə başlayanlara, həm də mövcud fəaliyyətini genişləndirmək istəyənlərə açıqdır.
İştirakçılar güzəştli bank və maliyyələşmə şərtlərindən, təlim və seminarlardan, satışların stimullaşdırılması və bazara çıxış dəstəyindən yararlana biləcək. Sahibkarlar həmçinin Birmarket platformasına inteqrasiya olunaraq geniş müştəri bazasına çıxış əldə edəcək.
Rəqəmsal ödənişlər, e-ticarət və bank xidmətləri üçün Birbank, Birmarket, m10 və Milliön platformaları proqram iştirakçılarına xüsusi şərtlərlə təqdim olunur.
2025-ci ildə istifadəyə verilən Bir Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemi kimi təqdim olunur və hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Ekosistem Trendyol Azərbaycan və BakıKart ilə strateji tərəfdaşlıqlara malikdir. Proqram haqqında ətraflı məlumat və qeydiyyat bir.az saytında mövcuddur.


