StartUp

Startaplar üçün yeni vergi güzəştləri 2027-ci ildən qüvvəyə minir

28 Sep,202623 baxış
Paylaş:
Startaplar üçün yeni vergi güzəştləri 2027-ci ildən qüvvəyə minir

Azərbaycanda startaplar və onlara sərmayə qoyan investorlar üçün yeni vergi güzəştləri paketi hazırlanıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan dəyişikliklər 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Güzəştlər “Startap” şəhadətnaməsi, texnoloji park və ya sənaye parkının rezidenti haqqında qeydiyyat vəsiqəsi olan mikro və kiçik sahibkarlıq subyektlərinə şamil ediləcək.

Sənədə əsasən, belə subyektlərin nizamnamə kapitalındakı payın və ya səhmlərin təqdim edilməsindən əldə olunan gəlir 10 il müddətinə gəlir və mənfəət vergisindən azad olunacaq. Sertifikatlı startapların innovasiya fəaliyyətindən gəlirinə tətbiq edilən azadolma müddəti isə 3 ildən 7 ilə qaldırılır.

İnvestorlar üçün ayrıca stimullar nəzərdə tutulub. Startapların nizamnamə kapitalındakı paydan alınan dividendlər 10 il, venchur fondlarının ödədiyi dividendlər də 10 il müddətinə vergidən azad ediləcək.

Akkreditasiya olunmuş investorlar startap payının alınmasına çəkdikləri xərcin illik gəlirinin 50 faizinədək hissəsini gəlirdən çıxa biləcəklər. Şərt odur ki, pay ən azı üç il saxlanılsın.

Tədqiqat və inkişaf xərclərinə münasibətdə 10 il ərzində 2,5 dəfə artırılmış güzəştli əmsal tətbiq olunacaq. Bu, startapların məhsul hazırlığına yönəltdiyi vəsaitin vergitutma bazasını azaldacaq.

Ən uzun güzəşt müddəti bulud hesablamaları və proqram təminatı xidmətlərinə aiddir: sertifikatlı startapların bu xidmətləri alması 20 il müddətinə həm mənfəət vergisindən, həm də əlavə dəyər vergisindən azad ediləcək.

Dəyişikliklərin məqsədi ölkədə startap ekosisteminə yerli və xarici investisiya axınını sürətləndirmək, texnoloji şirkətlərin Azərbaycanda qeydiyyatdan keçməsini və fəaliyyətini stimullaşdırmaqdır.

Vergi güzəştləri paketi ölkədə texnoloji sahibkarlığın maliyyələşmə mənbələrini genişləndirməyə yönəlib. Hazırda Azərbaycan startapları üçün əsas çətinliklərdən biri erkən mərhələdə investisiya cəlbi sayılır.

Dəyişikliklər həm yerli mələk investorların, həm də venchur fondlarının fəaliyyəti üçün hüquqi çərçivəni aydınlaşdırır. Ekspertlər hesab edir ki, dividend və pay satışı üzrə uzunmüddətli azadolmalar sərmayədarların risk hesablamasını dəyişə bilər.