Performance System startapı Keniya bazarında fəaliyyət göstərir

Azərbaycan mənşəli Performance System MMC platforması Keniyanın peşə təhsili müəssisələrində tətbiq olunur. Şirkətin təsisçisi Seymur Həmidov Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə müsahibəsində növbəti hədəf bazar kimi Özbəkistanı adlandırıb.
Layihə 2019-cu ildə Coders Azerbaijan təlim mərkəzinin daxili ehtiyaclarından doğan prototip kimi başlayıb. Müstəqil məhsul statusunu isə 2024-cü ildə qazanıb.
Performance System biznes proseslərinin avtomatlaşdırılması və təhsil idarəçiliyi üçün nəzərdə tutulmuş rəqəmsal platformadır. Sistem tapşırıq idarəetməsi, qrup kommunikasiyası, tədbirlərin təşkili, resurs kitabxanası, imtahanlar və vakansiya elanları kimi modulları vahid ekosistemdə birləşdirir.
Platforma həmçinin tələbə inkişafının izlənməsi, karyera yönləndirməsi və motivasiya mexanizmlərini əhatə edir. Bu yanaşma təhsil müəssisəsinə yalnız inzibati proseslər deyil, öyrənənin fərdi inkişaf trayektoriyası üzərində də nəzarət imkanı verir.
Məhsul agentlik tərəfindən sertifikatlaşdırılıb. Həmidov şirkətin fəaliyyətinin mərkəzində startap yanaşmasının dayandığını, innovasiyanı yalnız yeni ideya kimi deyil, dəyər yaradan işlək sistem kimi gördüklərini bildirib.
Növbəti mərhələdə komanda süni intellektə əsaslanan fərdiləşdirmə funksiyalarını, genişləndirilmiş analitika və qərar dəstəyi alətlərini sistemə inteqrasiya etməyi planlaşdırır.


