StartUp

Azərbaycan startapı Keepface Plug and Play-in Çin proqramına seçildi

21 Sep,202650 baxış
Paylaş:
Azərbaycan startapı Keepface Plug and Play-in Çin proqramına seçildi

Bakıda yaradılmış influenser-marketinq platforması Keepface qlobal innovasiya şirkəti Plug and Play-in Çindəki transsərhəd akselerasiya proqramına seçilib. Startap 25 ölkədən müraciət edən namizədlər arasından seçilənlərdən biri olub.

Proqram Çinin Tszyansu əyalətində yerləşən Nantong İqtisadi-Texnoloji İnkişaf Zonasında (NETDA) həyata keçirilir. 6 ay davam edən akselerasiya 2026-cı ilin iyulunda başlayıb. İştirakçılara bir illik rezidentlik, ofis sahəsi və yaşayış yeri təqdim olunur.

Keepface brendləri müxtəlif regionlardakı kontent yaradıcıları ilə birləşdirən platformadır. Çin bazarında startap yerli influenserləri ABŞ, Yaxın Şərq və Avropa bazarları ilə əlaqələndirməyi, həmçinin Çin brendlərinin qlobal bazarlara uyğunlaşdırılmasına dəstək verməyi hədəfləyir.

Keepface 2017-ci ildə Bakıda Elşad Yusifli, Emin Vəli və Vaqif Abbasov tərəfindən təsis edilib. Həmin il startap “Influencer Day Baku” tədbirini, 2018-ci ildə isə Heydər Əliyev Mərkəzində “Global Influencer Day” konfransını təşkil edib.

Şirkət sonradan Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçərək Dubaydakı AstroLabs mərkəzində fəaliyyət göstərib, 2019-cu ildə isə 500 Startups-ın MENA Dojo proqramına seçilib. Keepface hazırda ABŞ-da da qeydiyyatdadır.