Azərbaycan AI startapı InnMedia ByteDance ilə tərəfdaşlıq qurdu

Süni intellekt əsasında video istehsalı ilə məşğul olan Azərbaycan startapı InnMedia (Innovation Media Services) Çinin texnologiya nəhəngi ByteDance ilə tərəfdaşlıq müqaviləsi bağlayıb. Razılaşma çərçivəsində startap ByteDance-in “Seedance” generativ video texnologiyasına çıxış əldə edib. Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.
InnMedia süni intellekt vasitəsilə video generasiyası və kontent yaradılması üzrə ixtisaslaşan DeepTech startapıdır. Layihənin təsisçisi və direktoru Teymur Kusebadır. Yeni tərəfdaşlıq şirkətə müasir video generasiya modellərini istehsal proseslərinə inteqrasiya etməyə, eləcə də media, korporativ kontent, marketinq kommunikasiyaları və sosial platformalar üçün qabaqcıl video sintezi imkanlarından yararlanmağa şərait yaradır.
Startap 2026-cı ilin aprelində “Startap” şəhadətnaməsi alıb. Vergi Məcəlləsinə əsasən, bu status innovasiya fəaliyyətindən əldə olunan mənfəət və gəlirlər üzrə 3 illik vergi güzəştini nəzərdə tutur.
InnMedia indiyədək qlobal texnologiya şirkətlərindən təxminən 360 min dollar qrant və investisiya cəlb edib. Bu məbləğə Microsoft for Startups proqramından 150 min, Google for Startups-dan 100 min, Cloudflare-dən 25 min dollar qrant, həmçinin tədqiqat və inkişaf üçün cəlb olunan 85 min dollardan çox vəsait daxildir.
Şirkət dünyanın aparıcı 20 akseleratoru sırasında yer alan “Silkway Accelerator” proqramının final mərhələsinə seçilən yeganə Azərbaycan startapı olub.
InnMedia yaxın 6-8 ay ərzində ABŞ-da qlobal əməliyyat mərkəzi yaratmağı nəzərdən keçirir. Paralel olaraq Özbəkistan və Türkiyə bazarlarına genişlənmə istiqamətində də işlər aparılır.


