4SİM: enerji texnologiyaları startapları üçün sınaq meydançaları vacibdir

Enerji texnologiyaları sahəsində fəaliyyət göstərən startaplar üçün sınaq meydançalarının və API çıxışının yaradılması kritik əhəmiyyət daşıyır. Bu fikri Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov “Baku ID 2026” festivalının ikinci günündə səsləndirib.
Onun sözlərinə görə, enerji sektoru yüksək kapital tələbi və kritik infrastrukturla bağlı olduğu üçün startapların məhsullarını birbaşa SOCAR kimi iri şirkətlərdə sınaqdan keçirməsi çətinlik yaradır.
Cəfərov qeyd edib ki, startapların ilkin məhsullarını yoxlaya biləcəkləri sınaq mühitinə ehtiyacı var. Onun fikrincə, bəzən ilk müştəri startap üçün ilkin qrantdan daha çox dəyər yaradır.
İcraçı direktor həmçinin şirkətlərin beynəlxalq bazarlara çıxmazdan əvvəl həllərini yerli bazarda sübut etməli olduğunu vurğulayıb. Dövlətin API-lar və açıq data platformaları vasitəsilə infrastruktur qurmasının startaplara bu məlumatlardan yararlanmaq imkanı verəcəyini bildirib.
Azərbaycan innovasiya ekosisteminin gücləndirilməsi üçün Süni İntellekt Strategiyası və Rəqəmsal İqtisadiyyatın İnkişafı Strategiyası kimi sənədlər qəbul edib. Startaplar, universitetlər, laboratoriyalar, özəl sektor və dövlət qurumları arasında əməkdaşlığın uğurlu nümunəsi kimi “SABAH.HUB” göstərilib.


